Azərbaycan yığmasının böyük məşqçisi: "Hər bir güləşçinin yarışda göstərdiyi mübarizədən razıyam"
- 07 oktyabr, 2025
- 21:45

Hər bir güləşçinin yarışda göstərdiyi mübarizədən razıyam.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 milli komandasının böyük məşqçisi Taleh İsrafilov bildirib.
O, mübarizə apardıqları ölkələrin komandalarının güclü olduğunu vurğulayıb:
"Onlardan Özbəkistan komandasının dünya birincisi olmuş 4 güləşçisi də vardı. Bu yarışlarda 3-ü qızıl olmaqla, ümumilikdə 6 medal qazandıq. İdmançılarımızın gələcəkdə də beynəlxalq yarışlarda uğurlar qazanaraq, bayrağımızı ucaldacağına inamım böyükdür".
Böyük məşqçi deyib ki, belə yarışların Azərbaycanda təşkil olunması qürurvericidir.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində Gəncə Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşi üzrə yarışda Azərbaycan güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.