Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinin qalibləri müəyyənləşib
- 08 noyabr, 2023
- 16:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinin qalibləri müəyyənləşib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən idmançılar Şamaxı İdman Olimpiya Kompleksində 5 kateqoriya üzrə yarışıblar.
Kişilərin şəxsi yarışının finalında badmintonçumuz Diki Pangestu türkiyəli Əmrə Laləyə 2:1 hesabı ilə qalib gələrək, turnirin qızıl medalına sahib çıxıb.
Qadınların şəxsi yarışının həlledici duelində Türkiyə təmsilçisi Özgə Bayrak idmançımız Era Maftuhanı hər iki setdə üstələyib.
Kişilərin qoşa yarışında Sərhat Salim-Yusuf Ramazan (Türkiyə) tandemi Diki Pangestu-Muhammed Kadafi cütünə 2:1 (20:22, 24:22, 22:20) hesabı ilə qalib gəlib.
Qadınların qoşa yarışında türkiyəlilər İlayda Nur-Sare Ece dueti finalda Aişa Zumabek-Nargiza Raxmatullayeva (Qazaxıstan) cütlüyünü hər iki setdə məğlub edərək, qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında badmintonçularımız Muhammed Kadafi-Era Maftuha ikilisi həlledici görüşdə Buğra Aktaş-Sinem Yıldız (Türkiyə) tandemini 2:0 (21:19, 21:18) hesabı ilə məğlub edib.
Sonda qaliblər mükafatlandırılıblar.