Teymur Rəcəbov: "Qalib gəldiyim görüşdən sonra rəqibim ağladı"

Fərdi
  • 26 aprel, 2018
  • 13:24
Teymur Rəcəbov: Qalib gəldiyim görüşdən sonra rəqibim ağladı

Bakı. 26 aprel. REPORT.AZ/ "Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır". 

"Report"un məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin VII turunda  Şəhriyar Məmmədyarovla heç-heçə edən Teymur Rəcəbov mətbuat konfransında deyib.

31 yaşlı qrossmeyster Məmmədyarovla görüşlərdə heç-heçələrin sayını bilmədiyini və statistika ilə maraqlanmadığını sözlərinə əlavə edib: "Adətən, rəqibə qarşı hazırlaşırıq. Şəhriyarla uzun illərdir Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə, bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu, münasibətlərimizə mane olmur".

Rəcəbov eyni zamanda bəzən şahmatda rəqibin məğlubiyyəti qəbul etməməsi barədə danışıb: "Şahmatda hərdən məğlub tərəf nəticəni qəbul edə bilmir. Hansı turnir olduğu yadımda deyil, bir dəfə qələbə qazanandan sonra məğlub olan rəqibim göz yaşlarını saxlaya bilmədi. Bu hal mənə çox pis təsir etdi. Qələbə qazananda sevindiyin kimi məğlubiyyət zamanı pis olursan. İstənilən şəraitdə gərək özünü ələ almağı bacarmalısan".