Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"
- 25 iyul, 2026
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub.
"Report" xəbər verir ki, bunu Avropa cüdo birliyinin idman komissiarı Rüstəm Orucov jurnalistlərə açıqlamasında deyib.
Olimpiya mükafatçısı Bakıda təşkil olunan Avropa Cüdo Ümidləri Turnirinin yeniyetmə cüdoçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:
"Bildiyiniz kimi biz burada Avropa Cüdo birliyinin təmsilçiləri kimi iştirak edirik. Görürük ki, təşkilatçılıq yüksək səviyyədədir. Mən bir çox yarışlarda iştirak etmişəm. Lakin bu cür yüksək təşkilatçılıq hər yerdə olmur. Bu turnirin keçirilməsi gənc idmançıların təcrübə toplaması, onların gələcək yarışlara daha yaxşı hazırlaşması məqsədi daşıyır. Azərbaycanlı olaraq öz idmançılarımızdan qızıl medal gözləyirəm".
Qeyd edək ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.
Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəyin perspektivli idmançılarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.