Rəşad Rəsullu: "Balabəy Ağayevin məsələsi üzərində başqa istiqamətdə işləyəcəyik"

Fərdi
  • 16 aprel, 2026
  • 18:43
Rəşad Rəsullu: Balabəy Ağayevin məsələsi üzərində başqa istiqamətdə işləyəcəyik

Azərbaycan cüdoçusu Balabəy Ağayevin yarımfinal görüşü ilə bağlı addım atılacaq.

"Report"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlaçasında deyib.

O, Tibilisidə keçirilən Avropa çempionatında milli üzvlərinin çıxışını dəyərləndirib:

"Qızıl medal gözləyirdim. Olmayıbsa, idmançılar öz səhvlərini müəyyənləşdirməlidirlər. 60 və 66 kq çəki dərəcələrində çıxış edən idmançılar özlərini yaxşı tərəfdən göstərdilər. Demək olar ki, bir səhvə yol verdilər, bu da nəticəyə təsir etdi. Turan Bayramovun bürünc medal qazanması məni çox sevindirdi. Çünki o, 60 kq-dan 66 kq-a keçid edib. Və bundan dərhal sonra bürünc medal qazanmağı bacardı. Bu da o deməkdir ki, idmançılar vaxtında çəkisini dəyişəndə xeyirli olur".

Rəşad Rəsullu 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayevin yarımfinalda Gürcüstan təmsilçisi Giorgi Sardalaşviliyə hakimin şübhəli qərarı ilə məğlub olmasına şərh edib:

"Balabəyin yarımfinaldakı görüşü barədə fikirlər müxtəlifdir. Bu barədə mütəxəssislərdən soruşsanız, onlar cavab verə bilər. Nəticə dəyişməyəcəyi üçün hazırda heç kimə müraciət etmədik. Lakin bu o demək deyil ki, səssiz qalacağıq. Sözügedən məsələ üzərində başqa istiqamətdə işləyəcəyik. Deyə bilərəm ki, Balabəy Ağayev həqiqətən çox yaxşı formada idi".

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.