Azərbaycan Cüdo Federasiyası "Report"un əməkdaşlarını mükafatlandırıb
- 21 iyul, 2022
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cüdo Federasiyasının (ACF) elan etdiyi Azərbaycanda cüdo idman növünün 50 illik yubileyinə həsr olunmuş jurnalist müsabiqəsinin nəticələri məlum olub.
"Report" xəbər verir ki, federasiya nümayəndələrinin, münsif üzvlərin, müsabiqə iştirakçılarının və digər idman jurnalistlərinin iştirakı ilə keçirilmiş tədbirdə 11 qalib açıqlanıb.
Nəticələri elan etməzdən öncə ACF-in vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, mətbuat katibi Ülkər Abbasova çıxış edərək media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik ediblər. Bildirilib ki, müsabiqənin təşkil olunmasında məqsəd jurnalistlərlə dostluq əlaqələrini daha da gücləndirmək, cüdo sahəsinə maraq göstərən jurnalistlərin artmasına töhvə verməkdir.
Mükafatlandırma tədbirində bildirilib ki, müsabiqəyə müəyyən olunmuş müddət ərzində (20 may – 10 iyul) 23 material təqdim olunub. Əvvəlcədən də bildirildiyi kimi, 5 nəfərdən ibarət jüri nümayəndəsinin səsverməsi ilə ümumilikdə ən çox xal toplayan ilk 10 iştirakçı qalib seçilməli idi. Reytinqdə 9, 10 və 11-ci yerdə olan jurnalistlər eyni xal topladığı üçün 11 qalib müəyyən olunub.
Qaliblər arasında "Report" İnformasiya Agentliyinin iki əməkdaşı – Səbuhi Musa və Elnur Salahov da olub. Bundan başqa, ACF ilə sıx əməkdaşlığa görə "Report"un İdman şöbəsinin redaktoru Elşən Məmmədova və "Report"un yazı müsabiqəsində iştiraka görə Təbriz Quliyevə təşəkkürnamə və hədiyyə verilib.
Qeyd edək ki, tədbirdə ACF ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası arasında da əməkdaşlıq Memorandumu imzalanıb.