Qambiyalı nazir Bakari Badjie: "Azərbaycanla idman sahəsində əlaqələri genişləndiririk"
- 02 iyul, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Qambiyanın gənclər və idman naziri Bakari Badjie Azərbaycan ilə idman və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə komitənin yaradıldığını diqqətə çatdırıb.
Bunu "Report"a açıqlamasında B.Badjie deyib.
Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən qonaq paytaxtın idman infrastrukturunu yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin gələcək planlarından bəhs edib:
"UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası üzrə Tərəflər Konfransının 10-cu sessiyasında (COP10) iştirak etmək üçün Bakıya gəlmişik. Şəhəriniz çox gözəldir. Təsdiq komitəsinin üzvü olan digər ölkələrdən gələn həmkarlarımızla, eləcə də bu sahəyə məsul olan büro nümayəndələri ilə burada bir araya gəldiyimiz üçün şadıq".
O bildirib ki, əsasən iclaslarla məşğul olduqları üçün geniş gəzintiyə vaxtları olmayıb:
"Dünən idman mərkəzində atçılıq nümayişini izlədik. Həmçinin digər infrastruktur obyektləri ilə tanış olduq. Bunlar hər bir ölkənin sahib olmaq istədiyi mükəmməl infrastrukturlardır".
Bakıdakı idman arenalarını yüksək qiymətləndirən qonaq növbəti planlarını bölüşüb:
"Bu gün su idman növləri mərkəzinə gedəcəyik. Əvvəlki səfərimdə də orada olmuşdum. Həm gimnastika, həm də su idman növləri mərkəzi Qambiyanın sahib olmaq istədiyi möhtəşəm obyektlərdir".
B.Badjie iki ölkə arasında sıx əlaqələri bu sözlərlə ifadə edib:
"Son illərdə Qambiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər qurulub. Ötən il Parisdə həmkarım, nazir Fərid Qayıbovla gənclər və idman sahəsində fəaliyyətimizi genişləndirmək üçün anlaşma memorandumu imzaladıq".
O, sənədin icrası istiqamətində qurulan əməkdaşlıq mexanizmini açıqlayıb:
"Azərbaycanın Qambiyaya akkreditə olunmuş Mərakeşdəki səfiri vasitəsilə həm Azərbaycanda, həm də Qambiyada xüsusi komitə yaradılıb. Bu komitə nəzərdə tutulan fəaliyyətlərin reallaşdırılması yollarını araşdırır. Bura mübadilə proqramları, inzibatçılar üçün bilik və bacarıqların artırılması təlimləri, həmçinin gənclər proqramları daxildir. Artıq işlərə başlamışıq və əlaqələrin daha da inkişaf edəcəyinə ümid edirik".