Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionatında birinci oldu"

Fərdi
  • 27 avqust, 2026
  • 20:33
Oyan Nəzəriani: Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionatında birinci oldu

Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatında Azərbaycanın qadınlardan ibarət seçmə komandası tarixində ilk dəfə komanda hesabında birinci olub.

Bu barədə "Report"a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan millisinin çalışdırıcısı Oyan Nəzəriani bildirib.

O, idmançıların hər birinin yarışa yüksək əhval-ruhiyyədə hazırlaşdıqlarını diqqətə çatdırıb:

"Qadınlar komanda hesabında çimərlik güləşi tarixində ilk dəfə dünya çempionatında birinci oldular. Oğlanlardan ibarət komanda 2 qızıl və 2 bürünc medalla ikinci pillədə qərarlaşdı. Birinci yeri tutan İran seçməsi ilə eyni – 85 xal toplasaq da, yalnız əlavə göstəricilərə görə geridə qaldıq".

Mütəxəssis yarışın nəticələrinin gələcək turnirlər üçün göstərici olduğunu vurğulayıb:

"Heyətdə böyük dəyişiklik olmasa, komandanı bu çempionatın yekunlarına əsasən müəyyənləşdirəcəyik. Yalnız bir çəki dərəcəsində medalsız qaldıq, həmin çəki ilə bağlı yaxın vaxtda qərar verəcəyik".

O.Nəzəriani növbəti sınaq olan Dünya Seriyasının IV mərhələsinə də toxunub:

"Beş mərhələdən ibarət turnirin növbəti raundu Bakıda təşkil olunacaq. Qadın güləşçilər də ilk dəfə bu seriyada mübarizə aparacaqlar. Oğlanlardan 90 kq çəkidə Əşrəf Aşurov reytinq siyahısında birinci, 80 kq çəkidə Sahib Dadaşov ikinci, Vüsal Əliyev isə üçüncü pillədədir. Məqsəd mövqeləri daha da möhkəmləndirməkdir".

Xatırladaq ki, Azərbaycanın U-17 millisi dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıb.