Milli Olimpiya Komitəsində “Olimpiya Odisseyası” layihəsinin təqdimatı olub
- 30 mart, 2018
- 09:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Olimpiya Həmrəyliyi Fondunun və Milli Olimpiya Komitəsinin (MOK) birgə dəstəyi ilə “Olimpiya Odisseyası” layihəsi həyata keçirilib.
"Report" xəbər verir ki, MOK-da baş tutan mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, olimpiya mükafatçıları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə “Olimpiya Odisseyası"nın mahiyyətini əks etdirən video çarx təqdim olunub. Ardından Ç.Hüseynzadə layihənin məqsədi və tarixi haqda danışıb. O, 6 olimpiya çempionunun tarixçəsinin bu filmlər vasitəsilə gənclərə və uşaqlara idmana sevgini aşılayacağını qeyd edib: “İdmançılarımız adından filmin baş rejissoru Arzu Qulamova Arzu Qulamova təşəkkür edirəm. Mənə müraciət etdilər, bu təklifi irəli sürdülər. Onlara dedim ki, büdcəni hazırlayın. Çox müvafiq qiymətə ərsəyə gəldi. Arzu müəllim “Olimpiya Odisseyası” yaratmaq barədə təklif irəli sürdü. Bu layihə Azərbaycanın bütün rayonlarında nümayiş olunacaq. Bunu etmək mümkündür. Layihə üçün Avropa Olimpiya Komitəsinə müraciət etdik. Onlar Avropada belə layihənin olmadığını qeyd etdilər. Bizi dəstəklədiklərini söylədilər. Bu layihəni gələcəkdə də davam etdirmək fikrimiz var”.
Daha sonra A.Qulamov filmin tarixçəsi, yaradıcılıq prosesi barədə danışıb: “Nazir Azad Rəhimova və Çingiz Hüseynzadəyə təşəkkür edirəm. İdmançılar bir az qapalı həyat yaşayırlar. Amma bu filmlərin çəkilişi zamanı onlar səmimi oldular. Nazim Hüseynovun da filminin təqdimatı keçiriləndə bu, hər kəsə təsir etdi. Film festivallarda ikinci oldu. İki olimpiya çempionumuz qalıb, düşünürəm ki, onlar haqda da sənədli film çəkmək mənə nəsib olacaq. İlk növbədə, film qəhrəmanlarına təşəkkür edirəm”.
Ç.Hüseynzadə A.Qulamova “Olimpiya Odisseyası” layihəsinin uğurlu icrası və ölkədə Olimpiya hərəkatının təbliğində göstərdiyi dəstəyə görə təşəkkürnamə və hədiyyəlik film dəsti təqdim edib.
2000-ci il Sidey Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə qızıl medal qazanmış Namiq Abdullayev bildirib ki, bütün filmlər çox mənalı alınıb: “Çətin anlarımız da göstərilib. Bu filmin ərsəyə gəlməsinə görə hər kəsə minnətdaram. İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu idmançılar qızıl medallar qazanıblar. Biz çox fərəhlənir, hər kəsə təşəkkürümüzü bildiririk. Bu filmlərin ardı gəlsin”.
2004-cü il Afina olimpiadasında yunan-Roma güləşi üzrə qalib adına yiyələnmiş Fərid Mansurov filmin rejissoruna təşəkkür edib: “Bu film bizim gənc nəsillərə ötürüləcək. Baş məşqçilərimizə minnətdarlığımı bildirirəm. Ölkəmiz idmana diqqət və qayğı göstərir. Qazandığımız nəticələr təkcə bizim deyil. Birgə uğurumuzdur”.
2008-ci il Pekin olimpiadasında cüdo, 2012-ci il London olimpiadasında isə sərbəst güləş növlərində çempion adına yiyələnmiş Elnur Məmmədli ilə Toğrul Əsgərov da Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıblar və filmin ərsəyə gəlməsində əziyyəti olan şəxslərə təşəkkür ediblər. T.Əsgərov ikiqat olimpiya çempionluğunu hədəflədiyini vurğulayıb.
Sonda Olimpiya çempionları Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və Toğrul Əsgərova hədiyyəlik film dəsti təqdim olunub və xatirə şəkli çəkilib.
Qeyd edək ki, MOK-da Azərbaycanın olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi barədə qərar 2008-ci ildə qəbul olunub. Həmin dövrdən başlayaraq, olimpiya çempionlarına həsr olunmuş “İlk Qızıl”, “Qızıl Sidney”, “Cəngavər”, “Elin Nuru”, “Ərtoğrul” kimi sənədli filmlər çəkilib. 2017-ci ildə MOK çəkilmiş filmlərin bir albom daxilində toplanmasını və təqdimatını nəzərdə tutan “Olimpiya Odisseyası” proqramını həyata keçirməyi qərara alıb.