İdman könüllülərinin mükafatlandırma mərasimi keçirilib
- 13 oktyabr, 2025
- 16:08

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman könüllülərinin mükafatlandırma mərasimi keçirilib.
MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərasimdə komitənin vitse-prezidenti Fərid Mansurov, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov, könüllülər, tələbələr və idmançılar iştirak ediblər.
Fərid Mansurov Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bildirib və bu yarışlarda könüllülərin roluna xüsusi diqqət çəkib. O, hər bir irimiqyaslı idman tədbirində könüllülərin dəstəyinə ehtiyac duyulduğunu vurğulayaraq, ölkədə könüllülük siyasətinin daha da möhkəmlənməsinin vacibliyini qeyd edib.
Həsənağa Rzayev könüllülük proqramı layihəsinin gələcək üçün prespektiv olduğunu, qeyd edərək, onlara fəaliyyətlərinə və dəstəklərinə görə təşəkkürünü bildirib.
Anar Bağırov dünyanın hər bir ölkəsində böyük layihələrdə könüllülərin rolunu əvəzolunmaz hesab edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən könüllülər əldə etdikləri təcrübələrdən danışaraq, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda bütün könüllülərə sertifikatlar və hədiyyələr təqdim olunub və xtirə fotosu çəkdirilib.