İbrahim İbrahimov: "Paracüdoçular Avropa çempionatında tapşırıqları yerinə yetirdilər"
- 20 avqust, 2026
- 11:51
Azərbaycan paracüdoçuları Avropa çempionatında tapşırıqları yerinə yetiriblər.
Bu barədə "Report"a açıqlamasında paracüdo üzrə komandanın baş məşqçisi İbrahim İbrahimov deyib.
Mütəxəssis Almaniyanın Heydelberq şəhərində keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb:
"Avropa çempionatında idmançılar verilən tapşırıqları yerinə yetirdilər. İlham Zəkiyevin qızıl medal qazacağını gözləyirdik. Saleh Sultanov daha yaxşı nəticə göstərə bilərdi, tərcübəsi çatmadı. O da tapşırıqları yerinə yetirdi. Hüseyn İsmayılzadə medal qazana bilməsə də, çox yaxşı çıxış etdi. Uduzduğu rəqib dünya, Avropa və paralimpiya çempionudur. Üçüncü yer uğrunda görüşdə isə təcrübəsi çatmadı. İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu. Lisenziya xallarımızı da artıra bildik. İnanıram ki, dünya çempionatında da yaxşı nəticə qazana biləcəyik".
Qeyd edək ki, Avropa çempionatında milli üzvlərindən İlham Zəkiyev (J1, +95 kq) qızıl, Saleh Sultanov (J1, 81 kq), Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.