Gürcüstanlı ağırlıqqaldıranlar antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya ediliblər
- 09 oktyabr, 2025
- 12:54

İdman Arbitraj Məhkəməsi (CAS) gürcüstanlı ağırlıqqaldıranlar Revaz Davitadze və Qurami Qiorbelidzeni antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya edib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
26 yaşlı Davitadze və 23 yaşlı Qiorbelidzenin nümunələrində ostarin metabolitləri aşkar edilib. Davitadzenin pozuntusu 2023-cü il avqustun 15-nə, Qiorbelidzenin pozuntusu isə 2023-cü il iyulun 7-nə təsadüf edir.
Hər iki idmançı 4 il müddətinə diskvalifikasiya olunub. Davitadze 2029-cu il sentyabrın 29-dan, Qiorbelidze isə 2028-ci il sentyabrın 3-dən gec olmayaraq idmana qayıtmaq hüququ qazanacaq.
Davitadze 2018-ci ilin Avropa çempionu və dünya çempionatının üçqat bürünc mükafatçısıdır. CAS-ın qərarından sonra o, 2024-cü il dünya çempionatının vitse-çempionluğundan və 2025-ci il Avropa çempionatının gümüş medalından məhrum olunacaq.
Qiorbelidze 2023-cü ildə gənclər arasında Avropa çempionatının qızıl, 2024-cü ildə kişilər arasında analoji yarışın gümüş medalından məhrum ediləcək.