Firdovsi Umudov: "İlk medalı Ali Baş Komandan İlham Əliyev başda olmaqla xalqımıza həsr edirik"
- 08 noyabr, 2025
- 16:48
İslamidadakı ilk medalı Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına həsr edirik.
Bunu "Report"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə ezam olunan əməkdaşına Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.
"Şükür Allaha, ilk medallarımızı qazandıq. Bu münasibətlə bütün azarkeşləri, xalqımızı təbrik edirəm. Nurayın 15 yaşı dekabrda tamam olacaq. Bu çox böyük nəticə, uğurdur. Onun göstərdiyi əzmkarlıq federasiya olaraq bizi də çox sevindirdi. Üstəlik, bu uğur xalqımız üçün böyük bir günə - Zəfər Gününə təsadüf etdi. Bu medalı Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına həsr edirik. İnşallah, uğurlu nəticələrimizin davamı gələcək. Qarşıda medal qazanmaq potensialına malik digər ağırlıqqaldıranlarımız da çıxış edəcəklər. Bu uğur dövlətimizin, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə zəhmətinin nəticəsidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Nuray Əbilova (48 kq) birdən qaldırma, təkanla qaldırma hərəkətlərində və toplamda bürünc medal qazanıb.