Federasiya rəsmisi: "Ölkə çempionatı Azərbaycan bilyardı tarixində əlamətdar hadisə oldu"

Fərdi
  • 25 fevral, 2025
  • 13:25
Federasiya rəsmisi: Ölkə çempionatı Azərbaycan bilyardı tarixində əlamətdar hadisə oldu

Bu yarış Azərbaycan bilyardı tarixində olduqca əlamətdar hadisə oldu.

Bunu "Report"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının Marketing üzrə direktor Mir Azad Əliyev deyib.

Qurum rəsmisi ötən gün başa çatmış ölkə çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Turniri əlamətdar edən əsas səbəblərdən biri odur ki, yarımfinala yüksələn idmançılar arasında əvvəllər ölkə çempionu titulunu qazanmamış yeni simalar var idi. Bu, Azərbaycan bilyardının inkişaf etdiyini, yeni istedadlı oyunçuların üzə çıxdığını və idmanın kütləviliyinin artdığını göstərir. Bundan əlavə, Azərbaycan çempionatında ilk dəfə rekord sayda – 85 idmançı iştirak etdi. Bu isə ölkəmizdə bilyarda olan marağın artdığını və bu idman növünün daha geniş auditoriya tərəfindən mənimsənildiyini sübut edir. İştirakçı sayının artması həm rəqabəti gücləndirdi, həm də çempionatın daha maraqlı və dinamik keçməsinə səbəb oldu".

Direktor Murad Fəttayevin çempion olması ilə bağlı danışıb:

"O, əvvəllər pul (Amerikan bilyardı) üzrə eyni nəticəyə nail olub. Lakin indi klassik piramida növündə də çempion oldu. Beləliklə, eyni anda iki fərqli növdə ölkə çempionu titulunu qazanan nadir idmançılardan biri kimi tarixə düşdü. Bu, Azərbaycan bilyardında yeni mərhələnin başlanğıcıdır və bu cür uğurların davamlı olacağına inanırıq. Təşkilatçılığa gəlincə, yarış yüksək səviyyədə keçib. Burada Gənclər və İdman Nazirliyinin dəstəyini xüsusi vurğulamaq lazımdır. Ötən ilin yanvarında Azərbaycan Bilyard Federasiyasının prezidenti vəzifəsinə Seymur Məmmədov seçildi və o, federasiyada mühüm dəyişikliklər etdi. Yeni təşkilat komitəsi formalaşdırıldı, təcrübəli mütəxəssislər işə cəlb edildi. Bunun nəticəsində çempionatın təşkili daha peşəkar səviyyəyə çatdı".

Federasiya nümayəndəsi Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı bunları deyib:

"Bilyardçılarımız beynəlxalq arenada iştiraklarını davam etdirirlər. Onların qarşıdakı yarışlara da qatılmaları planlaşdırılır. Xüsusilə apreldə sərbəst piramida üzrə böyük bir çempionat keçiriləcək və bizim idmançılar da bu turnirdə çıxış edəcəklər. Ötən il yığmamız beynəlxalq səviyyədə çox uğurlu nəticələr göstərib. Tofiq Quliyev Moskva piramidası üzrə veteranlar arasında Avropa çempionu oldu. Bu, təkcə fərdi uğur deyil, həm də Azərbaycan bilyard məktəbinin dünya səviyyəsində rəqabətədavamlı olduğunu sübut edən bir nailiyyətdir. Yığmamızın məqsədi təkcə bu turnirlərdə iştirak etmək deyil, həm də Azərbaycan bilyardını beynəlxalq arenada daha da tanıtmaq və mümkün qədər çox uğurlar qazanmaqdır. Bu baxımdan federasiya idmançılarımıza lazımi dəstəyi göstərir və onların beynəlxalq yarışlarda iştirakını təmin etmək üçün bütün imkanları səfərbər edir".

M.A.Əliyev Azərbaycanda da beynəlxalq turnirlərin keçirilə biləcəyini vurğulayıb:

"Bu istiqamətdə ciddi işlər aparılır. Hazırda Azərbaycanda Avropa, hətta dünya çempionatının keçirilməsi ilə bağlı ilkin danışıqlar gedir. Azərbaycan son illərdə bir çox beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib, bu da bizə bilyard üzrə mötəbər bir turnirin keçirilməsi üçün imkanlar yaradır. Əsas məqsədimiz Azərbaycanda beynəlxalq bilyard yarışlarının təşkilini ən yüksək səviyyədə həyata keçirməkdir. Çünki bu cür yarışlar təkcə idmanın inkişafına deyil, həm də ölkənin idman turizminə müsbət təsir göstərir. Avropa və ya dünya çempionatına ev sahibliyi etsək, dünyanın müxtəlif ölkələrindən ən güclü bilyardçılar Bakıya gələcəklər. Bu həm yerli oyunçular üçün böyük təcrübə olacaq, həm də Azərbaycanın bilyard mərkəzlərindən biri kimi tanınmasına kömək edəcək. Hələlik məsələ ilə bağlı konkret tarixlər açıqlamaq çətindir, lakin federasiya bu istiqamətdə ciddi işləyir və biz yaxın illərdə belə bir yarışın Bakıda keçirilməsinə nail olacağımıza inanırıq".

44 - Tezliklə