Federasiya rəsmisi: "Azerbaijan Open" Dünya və Avropa Kuboku səviyyəsində təşkil olunmuşdu"

Fərdi
  • 12 yanvar, 2026
  • 15:16
Federasiya rəsmisi: Azerbaijan Open Dünya və Avropa Kuboku səviyyəsində təşkil olunmuşdu

"Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri dünya və Avropa Kuboku səviyyəsində təşkil olunub.

Bunu "Report"a açıqlamasında Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

Qurum rəsmisi Qusarda keçirilən yarışın iştirakçılarının təşkilatçılıqdan məmnun qaldıqlarını söyləyib:

"Turnir ilk dəfə Azərbaycanda təşkil olunduğu üçün bizim üçün çox önəmli idi. Əslində daha əvvəllər ölkəmizdə xizək yarışları keçirmişik. Lakin onlar həvəskar səviyyədə birinciliklər idi. Budəfəki isə Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə əsasən təşkil olunmuşdu. Təşkilatçılıq həqiqətən yüksək səviyyədə idi. Ölkəmizə gələn qonaqlar Qusarı bəyənməklə yanaşı, Azərbaycanın qonaqpərvərliyindən razı qaldıqlarını bildirdilər. Onlar bu yarışın Dünya və Avropa Kuboku səviyyəsində keçdiyini söylədilər."

G.Bədəlova gələcəkdə daha böyük yarışlara ev sahibliyi etməyi hədəflədiklərini də vurğulayıb.

Qeyd edək ki, AQİNF və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 25 qadın idmançı birincilik uğrunda yarışıb. Turnirdə ölkəmizi dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti