Elçin Cəfərov: "Azərbaycan güləşinin zəngin tarixini araşdırıb gələcək nəsillərə çatdıracağıq"

Fərdi
  • 19 iyun, 2026
  • 17:38
Elçin Cəfərov: Azərbaycan güləşinin zəngin tarixini araşdırıb gələcək nəsillərə çatdıracağıq

Azərbaycan Güləş Federasiyasının (AGF) Güləş İrsi və İcması Komitəsinin fəaliyyət istiqamətləri kifayət qədər genişdir.

Bu barədə "Report"a yeni yaradılan komitənin sədri Elçin Cəfərov açıqlama verib.

O, bu posta təyin olunduğu üçün AGF rəhbərliyinə təşəkkür edib:

"İlk növbədə federasiya rəhbərliyinə mənə göstərdikləri etimada görə təşəkkür edirəm. Əlimdən gələni edəcəyəm ki, bu etimadı doğruldum. Komitənin tərkibində yer alan təcrübəli mütəxəssislərlə birlikdə uğurlu fəaliyyət göstərəcəyimizə inanıram. Komitənin fəaliyyət istiqaməti kifayət qədər genişdir. Əsas məqsədlərimizdən biri Azərbaycan güləşinin zəngin irsini və tarixini araşdırmaq, toplanmış materialları kitab halında nəşr edərək gələcək nəsillərə çatdırmaqdır. İnsanlar güləşimizdə iz qoymuş, yüksək nəticələr əldə etmiş və bu idman növünün inkişafına böyük töhfələr vermiş veteran güləşçiləri daha yaxından tanımalıdırlar".

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadiminin sözlərinə görə, fəaliyyət istiqamətlərindəndən biri də güləş terminologiyasının sistemləşdirilməsi və təkmilləşdirilməsi üzərində işləməkdir:

"Bu, uzunmüddətli və ciddi araşdırma tələb edən bir prosesdir. Komitənin əsas prioritetlərindən biri də güləş veteranları ilə yanaşı, idmançıların, onların valideynlərinin və ümumilikdə güləş icmasının daim diqqətdə saxlanılması, ehtiyacı olan şəxslərə sosial dəstəyin göstərilməsidir. Eyni zamanda, ölkədaxili yarışlarda veteranların fəxri qonaq qismində iştirakının təmin olunması, onların təltifetmə mərasimlərinə cəlb edilməsi, yubileylərinin qeyd olunması və xidmətlərinin müxtəlif tədbirlərdə xüsusi olaraq vurğulanması istiqamətində fəaliyyət göstərəcəyik".