Bakıda “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatının gələcəyi” mövzusunda seminar-konfrans keçirilir
- 03 oktyabr, 2017
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatının gələcəyi” mövzusunda seminar-konfrans keçirilir.
"Report"un məlumatına görə, konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir.
Tədbir çərçivəsində konfrans iştirakçıları Olimpiya Hərəkatı və Oyunları, Olimpiya dəyərləri haqqında məruzə ilə çıxış edəcək. Konfrans Avropa Olimpiya Akademiyasının dəstəyi ilə Olimpiya təhsilinin təbliği və Olimpiya idmanında elmi-tədqiqat işlərinin aktivləşdirilməsi məqsədi daşıyır.
Seminar-konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil Nazirliyidir. Ən yaxşı 3 məruzə diplomlarla mükafatlandırılacaq. Məruzə çıxışları və Avropa Olimpiya Akademiyaları Assosiasiyasının təşəbbüs iclasları da keçiriləcək.