Bakıda keçiriləcək Avropa çempionatında 100-dən çox bilyardçı mübarizə aparacaq
- 23 iyun, 2026
- 13:20
Bakıda təşkil olunacaq bilyardın "sərbəst piramida" növü üzrə Avropa çempionatında 10-dan çox ölkədən 100-dən çox idmançı iştirak edəcək.
Bunu "Report"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının marketinq direktoru Mir Azad Əliyev deyib.
Federasiya rəsmisi yarışın Bakı Olimpiya İdman Kompleksində keçiriləcəyini bildirib:
"Azərbaycanda ikinci dəfə təşkil olunacaq "sərbəst piramida" üzrə Avropa çempionatına maraq böyükdür. Turnirdə 50-dən çox azərbaycanlı idmançı da qüvvəsini sınayacaq. Xarici bilyardçılar yarışın başlamasına 2 və ya 3 gün qalmış paytaxta gələcəklər".
Qeyd edək ki, proqrama əsasən, iyulun 5–8-də 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə "sərbəst piramida" üzrə Avropa çempionatı baş tutacaq. Bu növ üzrə turnir Azərbaycanda ikinci dəfədir keçirilir.