“Bakı Marafonu - 2018”in nümayəndələri tələbələrlə görüş keçiriblər

Fərdi
  • 02 aprel, 2018
  • 12:55
“Bakı Marafonu - 2018”in nümayəndələri tələbələrlə görüş keçiriblər

Bakı. 2 aprel. REPORT.AZ/ “Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetində tələbə-müəllim heyəti ilə görüşüblər.

“Report” layihənin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə 600-dən çox tələbə iştirak edib.

Tədbirdə Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barədə geniş məlumat verilib.

"Baku Marathon Club"ın təsisçisi Firdovsi Kərimov marafona hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlərdən danışıb. O bildirib ki, açıq hava məşqləri hər həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri baş tutur. Məşqlər ödənişsizdir və hər kəs dəvətlidir.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu - 2018” mayın 13-də keçiriləcək və saat 10:00-da start götürəcək.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçüncü dəfə təşkil olunacaq marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə baş tutacaq. Marafonun eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.