Azərbaycanlı güləş hakimləri Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mühüm vəzifə icra edəcəklər
- 30 iyul, 2026
- 22:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Güləş Birliyi (UWW) Türkiyənin Kocaeli şəhərində keçiriləcək Hasan Gemici və Qazanfer Bilgen Memorialında məsul hakimlik missiyasını azərbaycanlı referilərə həvalə edib.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, UWW yarışın ümumi idarəetməsini Federasiyanın Texniki və Hakimlər Komitəsinin sədri, I-S dərəcəli referi Asif Şirəliyevə tapşırıb. Ali qurumun etimadını qazanan A.Şirəliyev UWW nümayəndəsi qismində memorialın yarış rəhbəri funksiyasını yerinə yetirəcək.
Bununla yanaşı, III dərəcəli hakimlər Elxan Həmidzadə, Samir Hacıyev və Qədim Qurbanov yarışlarda ədaləti qoruyacaqlar.
Qeyd edək ki, Hasan Gemici və Qazanfer Bilgen Memorialına sabah start veriləcək. Avqustun 2-dək davam edəcək beynəlxalq turnirdə müxtəlif ölkələrdən yunan-Roma və sərbəst güləşçilər mübarizə aparacaqlar.