Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə start verib

Fərdi
  • 25 fevral, 2025
  • 10:52
Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə start verib

Azərbaycanın üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 57 kq-da çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə (Qazaxıstan) qarşılaşıb.

Görüş Süleymanovun 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.

Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə çıxmaması səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.

Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda OKonnor Darrendən (İrlandiya) güclü olub. Boksçu 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.