Azərbaycan millisinin məşqçisi: "III MDB Oyunlarında medallar uğrunda mübarizə aparacağıq"

Fərdi
  • 12 sentyabr, 2025
  • 16:03
Azərbaycan millisinin məşqçisi: III MDB Oyunlarında medallar uğrunda mübarizə aparacağıq

Azərbaycanın stolüstü tennisçiləri ölkədə keçiriləcək III MDB Oyunlarında hər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

"Report"un məlumatına görə, bu barədə millinin məşqçisi Ramil Cəfərov yarışın rəsmi saytına açıqlama verib.

O, turnirlə bağlı fikirlərini bölüşüb, komandanın hazırlıq prosesi, planları və hədəfləri barədə danışıb:

"III MDB Oyunlarında iştirak edəcək komandanın heyəti təxminən 6 ay əvvəl formalaşdırılıb və o vaxtdan bəri idmançılar planlı şəkildə məşqləri davam etdirirlər. Azərbaycan Stolüstü Tennis Federasiyası bizə bütün zəruri şəraiti təmin edib. Avqustda Çində təlim-məşq toplanışı təşkil olunmuşdu. Həmçinin hazırlıq mərhələsi çərçivəsində beynəlxalq turnirdə iştirak etməyi planlaşdırırıq. Komanda III MDB Oyunlarına tam hazır olacaq".

Mütəxəssis yarışlarda 2008 və 2011-ci il təvəllüdlü idmançıların iştirak edəcəyini söyləyib:

"Yaşlarına baxmayaraq, Azərbaycan tennisçiləri artıq sözlərini deyirlər. Yaxın zamanda böyüklər arasında keçirilən ölkə çempionatında gənc idmançımız Onur Quluzadə çempion oldu, Adil Əhmədzadə isə üçüncü yeri tutdu. Qızlar arasında isə Mərziyyə Nurbatova çempion titulunu qazandı. Hər üç idmançı MDB Oyunlarında iştirak edəcək. Bu isə onların artıq böyüklərlə ciddi rəqabət apardıqlarını və hətta onlardan üstün olduqlarını göstərir.

R.Cəfərov bütün rəqibləri tam tanımadıqlarını sözlərinə əlavə edib:

"Amma çoxunu beynəlxalq turnirlərdə görmüşük. Nəyə qadir olduqlarını bilirik və hesab edirik ki, idmançılarımız onlardan heç də geri qalmırlar. Gözləntilərimiz yüksəkdir – minimum finala vəsiqə qazanmaqdır. Hər yaş kateqoriyasında medal uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti