Azərbaycan millisinin kapitanı: "Türkdilli dövlətlər arasında çempionat bizim üçün prinsipial idi"

Fərdi
  • 15 dekabr, 2025
  • 14:33
Azərbaycan millisinin kapitanı: Türkdilli dövlətlər arasında çempionat bizim üçün prinsipial idi

Türkiyənin Qaziantep şəhərində şahmat üzrə təşkil olunan türkdilli dövlətlər arasında I komanda çempionatı Azərbaycan millisi üçün prinsipiallıq daşıyıb.

Bunu "Report"a açıqlamasında Azərbaycanın 16 yaşadək şahmatçılardan ibarət yığmasının kapitanı Fərid Abbasov deyib.

O, qalibi olduqları turnirlə bağlı fikirlərini bölüşüb:

"Türkdilli dövlətlərin U-16 yaş qrupu üzrə komanda çempionatı əvvəlcədən bizim üçün çox ciddi və prinsipial yarış kimi qiymətləndirilirdi. Komandaların sayı 8 olsa da, səviyyə və iştirakçı heyətləri baxımından son illərin ən güclü turnirlərindən biri olduğunu tam əminliklə deyə bilərəm. Bu gün demək olar ki, bütün türkdilli dövlətlər güclü şahmat məktəbinə malikdir və gənc şahmatçıların inkişafına sistemli şəkildə böyük diqqət ayırırlar. Xüsusilə Mərkəzi Asiya ölkələri son illər dünya şahmatının mərkəzinə çevrilib. Qazaxıstan və Özbəkistan şahmatçılarının gənclər arasında son nüfuzlu yarışlarda göstərdiyi nəticələr bunu açıq şəkildə sübut edir".

Mütəxəssis Rüstəm Rüstəmovla Məryəm Ağaverdiyevanın çıxışını dəyərləndirib:

"Belə turnirlərin əsas üstünlüklərindən biri də odur ki, burada təkcə fərdi ustalıq yox, komanda məsuliyyəti, psixoloji davamlılıq və ölkəni təmsil etməyin yükü ön plana çıxır. Bu, gənc şahmatçıların formalaşması üçün son dərəcə vacib təcrübədir. Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyevanın əldə etdiyi nəticə təsadüfi deyil. Bu, Azərbaycan Şahmat Federasiyasının həyata keçirdiyi sistemli hazırlıq proqramlarının və düzgün seçilmiş inkişaf yolunun məntiqi nəticəsidir. Bu qələbə bizim üçün son məqsəd deyil, yolun mühüm mərhələsidir".

F.Abbasov turnirdə əsas rəqibin Özbəkistan komandası olduğunu bildirib:

"Əsas rəqib, sözsüz ki, Özbəkistan komandası idi. Onların heyətində Dünya Kubokunun iştirakçısı olan bir şahmatçı çıxış edirdi ki, bu, belə gənc yaş üçün son dərəcə nadir və yüksək göstəricidir. Bundan əlavə, komandada bu il 14 yaşadək qızlar arasında dünya çempionatında ikinci yeri tutmuş şahmatçı da yer almışdı. Bu cür heyət istənilən turnirdə favorit sayılır və məhz bu komandaya qarşı qələbə turnirin ümumi gedişatında həlledici rol oynadı. Digər rəqiblərin səviyyələrini də xüsusi vurğulamaq lazımdır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan şahmatçıları ilə partiyalar çox gərgin və mübarizə şəraitində keçdi. Heç bir oyun asan olmadı və hər qələbə böyük zəhmət hesabına qazanıldı. Bu da bir daha göstərdi ki, türkdilli ölkələrin şahmat məkanı bu gün olduqca rəqabətlidir və yüksək keyfiyyətə malikdir".

Qeyd edək ki, 6 dövləti təmsil edən 8 komandanın mübarizə apardığı çempionatda Azərbaycan şahmatçıları qalib adını qazanıblar. Dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.

Son xəbərlər

Bütün Xəbər Lenti