Azərbaycan millisinin baş məşqçisi: "İslam Həmrəylik Oyunlarında yüksək nəticələr qazana bilərik"

Fərdi
  • 18 mart, 2025
  • 15:40
Azərbaycan millisinin baş məşqçisi: İslam Həmrəylik Oyunlarında yüksək nəticələr qazana bilərik

Belə davam edərsə, İslam Həmrəylik Oyunlarında yüksək nəticələr qazana bilərik.

Bunu "Report"a açıqlamasında Azərbaycanın karate üzrə böyüklərdən ibarət millisinin baş məşqçisi Şahin Atamov deyib.

O, yığmanın Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premyer Liqa"da iki bürünc medal qazanması barədə danışıb:

"67 kq çəki dərəcəsində mübarizə aparan Nuran Rzazadə qrupda keçirdiyi üç görüşdən də qalib ayrıldı. Növbəti mərhələdə mərakeşli rəqiblə üz-üzə gəldi. Həmin idmançı reytinqdə daha üst pillələrdə qərarlaşıb. Gərgin döyüş alındı. Lakin qarşılaşmanın hakimi ərəb ölkələrinin təmsilçilərindən biri idi və müəyyən qərarlar mərakeşli idmançının lehinə verilirdi. Bu səbəbdən Nuran məğlub oldu. Həmin karateçi finala vəsiqə qazandığı üçün idmançımız üçüncü yer uğrunda görüşə çıxdı və yaponiyalı həmkarına qalib gələrək bürünc medal əldə etdi.

75 kq-da Fərid Ağayev də qrupdakı üç görüşünü qələbə ilə başa vurdu. Yarımfinalda Misir təmsilçisinə 4:5 hesabı ilə uduzmaqla həlledici mərhələdən kənarda qaldı. Xoşbəxtlikdən üçüncü yer uğrunda qarşılaşmdan qalib ayrılaraq bürünc medal qazandı".

Mütəxəssis yarışın yüksək səviyyədə baş tutduğunu bildirib:

"Turnirdə dünya reytinqində ilk "32-lik"də yer alan idmançılar qüvvələrini sınayırdı. Biz yarışa 5-i oğlan olmaqla, 6 idmançı ilə qatılmışdıq. Dünyanın ən güclü idmançıları bir araya toplaşmışdılar. Yarış həm də bu il Misirdə keçiriləcək dünya çempionatına lisenziya qazandırırdı. Belə ki, turnirdə yüksək bal toplayan karateçilər reytinqə uyğun olaraq mundiala vəsiqə qazanırdılar. Qazancımız 2 medal olsa da, idmançılarımızın çıxışından razı qaldım. Sadəcə, bir az təcrübəmiz çatışmadı. Düşünürəm ki, artıq inkişafdayıq. Belə davam edərsə, İslam Həmrəylik Oyunlarında yüksək nəticələr qazana bilərik".