Azərbaycan kikboksinq üzrə dünya çempionatına ev sahibliyi edə bilər
- 05 mart, 2022
- 12:19
Azərbaycan kikboksinq üzrə dünya çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürəcək.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurumun rəsmi saytına müsahibəsində deyib.
Funksioner bildirib ki, bununla bağlı Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykerə qeyri-rəsmi şəkildə müraciət edib: "Ötən ilin mayında Beyker Bakıda işgüzar səfərdə olarkən, böyüklərin dünya çempionatı, eləcə də yeniyetmə və gənclərin Avropa çempionatını keçirməyə namizədlərdən biri də Azərbaycan idi. Amma həmin vaxt pandemiyaya görə namizədliyimizi geri götürdük. Pandemiyanın yumşalmasını gözləyirik. Ondan sonra rəsmi təklif kimi müraciət etməyi düşünürük".
Əliyev Bakıda peşəkar döyüş gecəsi də keçirmək istədiklərini söyləyib: "Pandemiya ilə əlaqədar bu cür döyüşlərin sayı azalıb. Əsasən qardaş ölkə Türkiyədə peşəkar kikboksinq döyüşlərimiz olur. Amma istəyirik ki, Bakıda da yenidən belə döyüşlər keçirək. İlin sonunadək “Dəmir Yumruq” adlı peşəkar döyüş gecəsi təşkil etmək niyyətindəyik. Təbii ki, bu turnirin baş tutması da pandemiyanın şərtlərinə əsasən mümkün olacaq".
Federasiya rəhbəri yaxın vaxtlarda quruma yeni vitse-prezident təyinatlarının olacağını vurğulayıb: "Həmçinin, ötən ilin oktyabrında İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında kikboksinqin “low kick” növündə Anar Məmmədov 57 kq çəki dərəcəsində dünya çempionu oldu. Mən yarışdan öncə qızıl medal qazanacaq idmançını mükafatlandıracağımı demişdim. Ona Novruz bayramı ərəfəsində avtomobil hədiyyə olunacaq".
Əliyev idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlığına da toxunub: "Məqsədimiz Azərbaycan çempionatını keçirib, orada seçilənləri millinin təlim-məşq toplanışına cəlb etmək idi. Amma pandemiya dönəmində virusa yoluxma sayı çoxaldığından, bu yarışı keçirmədik. Bununla belə, fevralın 15-dən təlim-məşq toplanışlarımız başlayıb. Bura bütün tanınmış idmançılarımızı cəlb etmişik. Çünki bizi Türkiyədə 3 turnir gözləyir. 12 - 15 mayda Türkiyənin İstanbul şəhərində Dünya Kuboku (VII Türk Açıq turniri), 9 - 18 avqustda Konyada V İslam Həmrəyliyi Oyunları və 11 - 20 noyabrda Antalyada Avropa çempionatı keçiriləcək. Bu il həmin turnirlərdə iştirak etməyi planlaşdırmışıq. Dünya Kuboku İslamiadaya heyəti formalaşdırmaq baxımından məşqçilərimiz üçün bir növ sınaq turniri olacaq".