Azərbaycan cüdoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 253 medal qazanıblar

Fərdi
  • 11 dekabr, 2025
  • 12:07
Azərbaycan cüdoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 253 medal qazanıblar

2025-ci ildə Azərbaycan cüdoçuları beynəlxalq yarışlarda 253 medal qazanıblar.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

İl ərzində müxtəlif yaş qrupları üzrə fərdi və komanda yarışlarında idmançılar 76 qızıl, 61 gümüş, 116 bürünc mükafata sahib çıxıblar:

"2025-ci ildə ölkəmiz Bakıda "Böyük Dəbilqə", Qubada isə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edib. Bakıdakı "Böyük Dəbilqə"də idmançılarımız 1 qızıl, 1 gümüş, 3 bürünc, Qubadakı Avropa Kubokunda 3 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar. Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Ümidləri Turniri və Kodokan mütəxəssislərinin iştirakı ilə texniki sessiyalar keçirilib".

Azərbaycan cüdoçularının ölkədə keçirilmiş III MDB Oyunlarında da yüksək əyarlı mükafatlar qazandığı vurğulanıb:

"Cüdoçularımız fərdi yarışlarda 5 qızıl, 7 gümüş, 9 bürünc (cəmi 21 medal) qazanıb, qarışıq komanda yarışında isə çempion olub. Şimali Makedoniyada keçirilən EYOF-da yeniyetmə cüdoçularımız fərdi yarışlarda həm medalların sayına, həm də əyarına görə birinci yeri tutublar. Eyni ölkədə keçirilən yeniyetmələrin Avropa çempionatında komanda hesabında medalların əyarına görə ikinci, oğlanlar arasında birinci yeri tutan milli yığma 3 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib. Bolqarıstanda yeniyetmələrin dünya çempionatında komandamız 2 bürünc medal qazanıb".

Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdoçular fərdi yarışlarda 2 qızıl, 2 gümüş, 5 bürünc medal əldə edib, qarışıq komanda yarışında isə çempion olub:

"Bu nəticə böyüklər arasında qarışıq komandada Azərbaycan cüdo tarixinin ilk çempionluğudur. Moldovada keçirilən U-23 Avropa çempionatında millimiz 2 qızıl, 1 gümüş, 1 bürünc medalla həm ümumi komanda, həm də kişilər arasında birinci yeri tutub. Gənclər arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc, dünya çempionatında isə 1 bürünc medal qazanılıb. Macarıstanda böyüklər arasında dünya çempionatında Azərbaycan millisi 3 bürünc, Monteneqroda Avropa çempionatında 1 gümüş və 4 bürünc medala yiyələnib".

ACF il ərzində görülən digər işlər barədə də məlumat verib:

"Cüdo tarixində ilk dəfə Macarıstanda keçirilən dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri sırasında yer alıb. Çempionatın son günündə Beynəlxalq Cüdo Federasiyasının bayrağı 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.

2025-ci ildə ACF ölkə üzrə cüdonun kütləviliyinin, infrastrukturunun və idarəçiliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Qax, Tərtər, İmişli, Zaqatalanın Mosul kəndi və Şabranda Cüdo Təlim Mərkəzləri açılıb, Azərbaycan İdman Akademiyasında yenilənmiş cüdo zalı istifadəyə verilib. 2022-ci ildən bəri Bakı və regionlarda 156 idman zalına təxminən 12 min tatami paylanıb, bu zallarda 2300-dən çox yeniyetmə və gəncin cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Beynəlxalq təcrübəyə əsasən hazırlanan qaydalar üzrə klubların lisenziyalaşdırılması prosesi davam edib və bu günədək 206 idman təşkilatına lisenziya verilib. Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məşqçi hazırlığı proqramına Azərbaycan, Gürcüstan və Özbəkistandan 48 məşqçi qatılıb. İndiyədək proqram çərçivəsində 245 yerli məşqçi təhsil alıb, onlardan 168-i imtahanları uğurla verərək beynəlxalq diplom əldə edib. ACF, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında Anlaşma Memorandumu əsasında cüdo məşqçiliyi üzrə təhsil proqramları davam etdirilib.

Azərbaycanda ilk dəfə adaptiv cüdo turniri təşkil olunub. Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən turnirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib, layihə onların sosial inteqrasiyası və fiziki aktivliyinin artırılmasına xidmət edib. "Kata for All" festivalı, Kodokan mütəxəssislərinin iştirakı ilə seminarlar, həmçinin məşqçilər üçün ilkin tibbi yardım, fiziki hazırlıq, hakimlik qaydaları və sosial medianın düzgün istifadəsi mövzularında təlimlər gerçəkləşdirilib.

2025-ci ildə ACF tərəfindən təşkil olunan yerli yarışlarda bütün yaş qrupları üzrə ümumilikdə 8500-ə yaxın cüdoçu mübarizə aparıb. Ölkədə cüdo ilə məşğul olanların sayı rekord həddə çataraq 21 min nəfəri ötüb. Cüdo Liqa yarışlarının tətbiqi ilə yeni potensiallı idmançıların aşkarlanması, klublar arasında sağlam rəqabət və əməkdaşlıq, idmançı və məşqçilərə maddi dəstək, eləcə də infrastrukturun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti