Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub

Fərdi
  • 31 oktyabr, 2025
  • 18:14
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.

"Report" xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan milli üzvü toplamda da Avropa birinciliyinin qalibi olub.

Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda yarışın rekordunu müəyyənləşdirib.

Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, "Göyəzən" klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti