Avropa çempionu olan Günay Qurbanova: "Ən çətin rəqib elə özüməm"
- 13 mart, 2026
- 00:45
Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatında qızıl medal qazanan Günay Qurbanova (59 kq) üçün finala gedən yol asan olmayıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, güləşçi bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
G.Qurbanova ikinci dəfə Avropa çempionu olmasını dəyərləndirib:
"İkinci dəfə Avropa çempionu olduğuma görə çox sevinirəm. Ümid edirəm ki, gələcəkdə yenə medal qazanmaq şansım olacaq. Bura qədər gəlmək asan olmayıb. Məşqçim Toğrul Əsgərova, komandamıza və mənə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Dəstək oldular, motivasiya verib təcrübələrini mənimlə bölüşdülər. Hər dəqiqə yanımda olub məni ruhlandırdılar".
O, final görüşünün bir qədər gərgin keçdiyini deyib:
"Final görüşüm bir qədər çətin keçsə də, mənim üçün çətin rəqib yoxdur. Ən çətin rəqib elə özüməm".
Güləşçi növbəti hədəfi haqqında da danışıb:
"Növbəti hədəfim böyüklər arasında Avropa çempionatıdır. Özümü bu yarışda da sınamaq istəyirəm. Qızıl medal qazana biləcəyimə inanıram".