Avropa çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb
- 01 oktyabr, 2025
- 11:15

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
"Report"un məlumatına görə, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.
70 kq-da Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçu 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşdə ilk mərhələdən azad olan Akaki Basariya (Gürcüstan) ilə üz-üzə gələcək.
Abbasqulu Şadlinski (75 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.
Hər iki boksçumuz 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
