Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
- 28 avqust, 2026
- 17:57
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr aralığında Azərbaycan çempionatı keçiriləcək.
"Report"un məlumatına görə, akademik avarçəkmə, kayak və kanoe növləri üzrə yarış Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı baş tutacaq.
Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.