"Araz-Naxçıvan"ın kapitanı: "Rumıniya klubuna qarşı oyun mövsümün ən ağır matçı idi"
- 30 oktyabr, 2025
- 12:52
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində "Yunayted Qalati"yə (Rumıniya) qarşı oyun "Araz-Naxçıvan" üçün mövsümün ən ağır matçı olub.
Bunu "Report"a açıqlamasında komandanın kapitanı Emin Kürdov deyib.
Görüşün ən yaxşılarından olan və xeyli seyvlərlə yadda qalan qolkiper rəqibin güclü heyətə malik olduğunu vurğulayıb:
"Görüş ağır keçdi, çünki qrupun favoritinə, eyni zamanda meydan sahibinə qarşı oynayırdıq. Böyük azarkeş dəstəyi var idi. Deyərdim ki, mövsümün ən ağır matçı idi. Məşqçilər rəqibi təhlil etmişdilər. Heyətləri braziliyalı futzalçılardan, Rumıniya yığmasının üzvlərindən təşkil olunmuşdu. Çətin olsa da, qələbə qazandıq. Komandanı, Azərbaycan futzal camiəsini təbrik edirəm. Həqiqətən möhtəşəm oyun idi".
Təcrübəli futzalçı turnirdə ən güclü 8 komanda arasında yer almağı hədəflədiklərini söyləyib:
"Qarşıda iki matçımız var. Bu gün Lüksemburq komandası ilə görüşəcəyik. Noyabrın 1-də isə Niderland təmsilçisinə qarşı oyunumuz olacaq. Ancaq hələ ki, bu görüş haqqında düşünmürük. Məqsəd ən güclü 8 komanda arasında yer almaqdır. 11 illik sindromu qırıb pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, "Araz-Naxçıvan" Rumıniya təmsilçisini 2:1 hesabı ilə məğlub edib. Komanda növbəti görüşünü bu gün Lüksemburq çempionu "Differdanje 03"ə qarşı keçirəcək.