Anar Quliyev Asiya Kubokunda iştirak edən Azərbaycan yığmasının nəticələrini yüksək qiymətləndirib

Fərdi
  • 04 noyabr, 2026
  • 11:54
Anar Quliyev Asiya Kubokunda iştirak edən Azərbaycan yığmasının nəticələrini yüksək qiymətləndirib

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev İraqın Süleymaniyə şəhərində keçirilmiş kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsinin qalibləri ilə görüşüb və onların nəticələrini yüksək qiymətləndirib.

Bu barədə "Report"a AKOF-un mətbuat xidmətindən bildirilib.

Qadınlardan ibarət yığmanın üzvləri Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova qızıl medal qazanıb, Yaylagül Ramazanova ilə Məhəmmədəli Əliyev isə qarışıq komanda yarışlarında gümüş medala layiq görülüblər.

Görüş zamanı A.Quliyev idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib, onların hazırlığında və yüksək nəticələrin əldə olunmasında məşqçi heyətinin əməyini qeyd edib. O, Asiya Kubokunda ilk dəfə iştirak edən Azərbaycan yığmasının birinci olmasını yüksək dəyərləndirib.

Söhbət əsnasında qarşıdakı beynəlxalq yarışlara, o cümlədən Yay Olimpiya Oyunlarına hazırlıq, məşq prosesinin təkmilləşdirilməsi və idmançıların peşəkar inkişafı üçün şəraitin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, 19 ölkədən 120 idmançının iştirak etdiyi turnirdə qadınlardan ibarət Azərbaycan yığması finalda Qazaxıstan komandasına qalib gəlib, qarışıq komanda yarışlarında isə təmsilçilərimiz ikinci yeri tutublar.