AMİNA-nın prezidenti: "Dünya çempionatında qazandığımız nəticələri qənaətbəxş hesab edirik"

Fərdi
  • 28 fevral, 2025
  • 16:19
AMİNA-nın prezidenti: Dünya çempionatında qazandığımız nəticələri qənaətbəxş hesab edirik

Hindistanda keçirilən dünya çempionatında qazandığımız nəticələri qənaətbəxş hesab edirik.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov yığmanın Hindistanda keçirilən qazaq güləşi üzrə dünya çempionatında çıxışını dəyərləndirərkən deyib.

AMİNA rəhbəri mundialda qeydə alınan nəticələri qənaətbəxş hesab edib:

“Hindistanın Delhi şəhərində qazaq güləşi üzrə dünya çempionatı keçirildi. Yarışa 20-dən çox ölkə, 200-dən artıq idmançı qoşulmuşdu. Azərbaycan çempionatda 4 medalla kifayətləndi. Oraya 10 idmançı ilə yollanmışdıq. Dünya və Avropa çempionlarının da iştirak etdiyi yarış ağır və gərgin keçdi. Digər 6 idmançımız medalın biraddımlığında dayandı və beşinci yerlə kifayətləndilər. Nəticələri qənaətbəxş hesab edirik. Çünki bundan öncəki dünya çempionatında cəmi bir idmançımız medal qazanmışdı. Azərbaycanda da bu idman növünə yeniyetmə və gənclər tərəfindən böyük maraq var. Məqsədimiz gələcəkdə idmançılara daha çox təlim-məşq toplanışları keçmək və yüksək əhval-ruhiyyədə beynəlxalq yarışlara hazırlamaqdır. Azərbaycan milli idman növlərinə Prezident İlham Əliyevin böyük diqqət və qayğısı var. İdmançılarımızın beynəlxalq arenalarda üçrəngli bayrağımızı dalğalandırıb, himnimizin səsləndirilməsinə nail olması bunun bariz nümunəsidir. Həmçinin Gənclər və İdman Nazirliyi də bizə hər zaman qayğı göstərir”.

K.Qurbanov qarşıdakı planlarla bağlı sualı da cavablandırıb:

“2024-cü ildə Azərbaycanda qazaq güləşi üzrə keçirilən Avropa çempionatında millimiz komanda hesabında birinc yerə çıxmışdı. Bundan başqa, köçəri, həmçinin dünya kombat oyunlarında da idmançılarımız iştirak edib və medal qazanıblar. Bu il Astanada hərbçilər arasında dünya çempionatı təşkil olunacaq. Həmçinin iyunda Tatarıstanda kəmər güləşi üzrə dünya çempionatı keçiriləcək. Noyabrda Səudiyyə Ərəbistanında təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycan da qazaq güləşində təmsil olunacaq. Hər il bu idman növü üzrə ölkə çempionatı təşkil edirik”.

Qeyd edək ki, Azərbaycan idmançıları Hindistanda keçirilən qazaq güləşi üzrə dünya çempionatında 4 bürünc medal qazanıblar.