AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb
- 30 dekabr, 2025
- 16:18
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb.
Bu barədə "Report"a AMADA-dan məlumat verilib.
Test Bölüşdürmə Planı 29 idman növünü və 53 alt növü əhatə edib. Milli və beynəlxalq yarışlar olmaqla, ümumilikdə 45 turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 81,7 faizi Bakı və Sumqayıtda, 18,3 faizi isə bölgələrdə götürülüb. Ötən illə müqayisədə bölgələrdə test nümunələrinin götürülməsində artım nümayiş olunub.
Cari il ərzində AMADA tərəfindən yeni 19 antidopinq qayda pozuntusu aşkar edilərək iş başladılıb. Cari il ərzində 73 təhqiqat işi həyata keçirilib, 10 idmançının nümunəsində atipik nəticə aşkar edilib. Həmin idmançılar barəsində müvafiq araşdırmalar aparılıb, əlavə nümunələr toplanıb və laborator analizlər sifariş edilib.
Hesabat dövründə həm bu il qeydə alınmış, həm də əvvəlki illərdə açılmış işlərin 22-si yekunlaşdırılıb. Bu işlərdən 17-si idmançıların sanksiya alması ilə nəticələnib. Belə ki, idmanın boks növündə 5, güləş, kikboksinq və qol güləşində 2, digər idman növlərində (futbol, basketbol, karate, atıcılıq, atletika və pauerliftinq) isə 1 antidopinq qayda pozuntusuna rast gəlinib.
Maarifləndirmə AMADA-nın fəaliyyətində əsas və strateji istiqamətlərdən birini təşkil edir. Belə ki, 2025-ci ildə 4292 şəxsi əhatə edən, ümumilikdə 106 maarifləndirmə tədbiri təşkil olunub.