ABF rəsmisi Nağı Səfərov: "Dörd Avropa çempionatında qazanılan 25 medalı müsbət qiymətləndiririk"
- 28 oktyabr, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Boks Federasiyası (ABF) 4 qitə birinciliyində əldə olunan 25 medalı müsbət hal kimi qiymətləndirir.
Bunu "Report"a açıqlamasında ABF-nın baş katibi Nağı Səfərov deyib.
O, boks yığmalarının son yarışlarda əldə etdiyi nəticələrdən danışıb:
"Son 6 aydakı nəticələrə nəzər saldıqda, əminliklə söyləyə bilərik ki, Azərbaycan boksu düzgün istiqamətdə inkişaf edir. Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar ki, bunu olduqca müsbət qiymətləndiririk. Böyüklər arasında Avropa çempionatında əldə olunan 2 qızıl, 1 gümüş və 2 bürünc medal olduqca müsbət haldır. Aşağı yaş qruplarından ibarət yığmalar da özlərini yaxşı tərəfdən göstərirlər. Bu mənada ən çox medal qazanan yığma U-15 oldu. Onların qitə birinciliyində 1 qızıl, 3 gümüş və 6 bürünc medal qazanması bizi sevindirməyə bilməz".
Qurum rəsmisi gələcəklə bağlı hədəflərdən söz açıb:
"Əsas məqsədimiz 2027-ci ildə təşkil olunacaq Avropa Oyunlarında və boks üzrə dünya çempionatında yüksək nəticələr əldə etməkdir. İdmançılarımız bu yarışlara yüksək səviyyədə hazırlaşırlar. Təbii ki, 2028-ci ildə ABŞ-də təşkil olunacaq Yay Olimpiya Oyunlarında da uğurlu çıxış etmək istəyirik. Bunun üçün yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, Azərbaycan boksçuları 2026-cı ildə keçirilən 4 qitə birinciliyində 5 qızıl, 8 gümüş və 12 bürünc medal qazanıblar. Milli komandalar bu yarışların 3-də medal əyarına görə ilk "altılıq"da yer alıblar.