Yunanıstanın qaz istehlakının 18,44 %-i Azərbaycanın payına düşüb
- 17 yanvar, 2024
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstanın qaz istehlakının 18,44 %-i qədər nəqletmə həyata keçirilib.
“Report” Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın qaz nəqli operatoru DESFA-nın 2023-cü il üzrə açıqladığı nəticələrdə deyilib.
Hesabata əsasən. bu, Nea Mesimvria çıxış nöqtəsindən sifariş edilən təbii qazın 12,49 TVt/saat həcmini təşkil edib.
Yunanıstanın qaz istehlakı əsasən mayeləşdirilmiş təbii qazın (LNG) idxalı hesabına həyata keçirilir. 2023-cü ildə ölkə LNG-ni əsasən ABŞ-dan idxal edib. Ötən il bu ölkədən Yunanıstana 10,75 TVt/saat qaz idxal edilib.
Yunanıstana LNG idxalına görə Rusiya ikinci yerdə qərarlaşıb. 2023-cü ildə 8,38 TVt/saat qaz idxal edilib.
Sonrakı yerləri Misir, Əlcəzair tutub. Ötən il ərzində Misirdən Yunanıstana 3,5 TVt/saat, Əlcəzairdən 3,47 TVt/saat LNG idxal edilib. Bu siyahıda ilk beşliyi Norveç qapadır. Bu ölkədən Yunanıstana 0,97 TVt/saat LNG idxal edilib.
Bundan başqa, ötən il ərzində Nigeriyadan 0,94 TVt/saat, İspaniyadan isə 0,51 TVt/saat LNG gətirilib.
DESFA-nın məlumatına görə, Revitussadakı LNG terminalı (Aqia-Triada giriş nöqtəsi) 2023-cü ildə Yunanıstana təbii qaz tədarükünün əsas nöqtəsi olub və idxalın 43,55 %-ni təşkil edib.
Qeyd edək ki, təbii qazın ümumi idxalı 67,71 TVt təşkil edib ki, buda 2022-ci illə müqayisədə 21,41 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.