Yunanıstanın Baş naziri: "İGB layihəsinin icrası son mərhələyə keçir"

Energetika
  • 21 dekabr, 2021
  • 10:22
Yunanıstanın Baş naziri: İGB layihəsinin icrası son mərhələyə keçir

"Bolqarıstan və Yunanıstan iki ölkə arasında birləşdirici qaz boru kəməri olan IGB İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria) tikintisini mümkün qədər tez başa çatdırmaq üçün bütün səylərini göstərəcəklər".

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan və Yunanıstanın baş nazirləri Kirill Petkov və Kiriakos Mitsotakis Sofiyada keçirdikləri danışıqların yekunları üzrə məlumat verərkən bildiriblər.

K. Mitsotakis etiraf edib ki, İGB qaz kəmərinin tikintisinin başa çatması COVID-19 səbəbilə materialların idxalının gecikməsindən bir neçə aydır təxirə salınıb. Bununla belə, indi İGB layihəsi çətinlikləri dəf edib və icranın son mərhələsinə keçir.

Yunanıstan və Bolqarıstanın baş nazirləri öz ölkələrinin layihənin həyata keçirilməsinə sadiqliyini və onun hər iki tərəf üçün əhəmiyyətini bir daha təsdiqləyiblər.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.