Yunanıstana bu il idxal olunan qazın 17,5 %-i TAP vasitəsilə tədarük edilib

Energetika
  • 16 aprel, 2024
  • 13:00
Yunanıstana bu il idxal olunan qazın 17,5 %-i TAP vasitəsilə tədarük edilib

Yunanıstan bu ilin yanvar-mart aylarında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2,9 teravatt/saat (TVs) təbii qaz alıb ki, bu da bu dövr ərzində ölkəyə idxal olunan bütün qazın 17,5 %-ni təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın qaz nəqli sisteminin DESFA operatorunun məlumatında qeyd edilib.

Ümumilikdə Yunanıstan bu dövrdə 16,55 TVs həcmində təbii qaz idxal edib ki, bu da ötən ilin birinci rübünün göstəricisindən 8,63 % azdır.

Kula-Sidirokastro qaz boru kəmərinin giriş nöqtəsi ölkəyə qazın daxil olması üçün “əsas qapı”dır - bu, ümumi idxalın təxminən 43,8 %-ni (7,25 TVs) təşkil edib. Onu Agia Triada (“Revitus” LNG terminalı) izləyir - bütün tədarüklərin 38,7 %-ni (6,4 TVt/saat) təşkil edib. Bu müddət ərzində Yunanıstan-Türkiyə sərhədindəki Kipoi keçid məntəqəsindən heç nə keçməyib.

“TAP vasitəsilə Nea Mesimvria giriş nöqtəsindən ölkəyə idxal olunan qazın 17,5 %-i (2,9 TVs) tədarük olunur. Bu isə 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 25,64 % azalıb”, - məlumatlarda qeyd olunub.

Mayeləşdirilmiş təbii qazın (LNG) idxalına gəlincə, DESFA-nın məlumatına görə, I rübdə ölkədə 9 tankerdən 6,93 TVs (azalma 27,13 %) LNG boşaldılıb. Eyni zamanda, ABŞ bu təchizatın əsas mənbəyi olmağa davam edir. “LNG Yunanıstanın qaz sektorunda həlledici rol oynamağa davam edir. 2024-cü ilin birinci rübündə LNG yüklərinin 65,51 %-i ABŞ-dən gətirilib və 4,54 TVs-ya (14,07 % artım) çatıb. İkinci yerdə Rusiyadan idxal – 1,91 TVs (artım 81,9 %), üçüncü yerdə Əlcəzair – 0,48 TVs (azalma 67,12 %) qərarlaşıb”, - məlumatda deyilir.

DESFA-nın məlumatına görə, Yunanıstanda yerli təbii qaz istehlakı illik müqayisədə 30,91 % artaraq 16,22 TVs-ya çatıb: “Birinci rüb üçün istehlak məlumatları təbii qaz bazarının böhrandan əvvəlki səviyyələrə qayıtmasından xəbər verir”.

Onun sözlərinə görə, 2024-cü ilin birinci rübündə Yunanıstanda təbii qaza olan ümumi tələbat (daxili tələbat və təkrar ixrac) 8,63 % azalaraq 16,51 TVs-ya düşüb. Buna səbəb təkrar ixracın 94,89 % - 0,29 TVs-ya qədər azalmasıdır.

Qeyd edək ki, Azərbaycan qazının “Şahdəniz” qaz-kondensat yatağından Trans-Adriatik Qaz Kəməri ilə Avropaya tədarükü 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.