Yunanıstan Azərbaycandan təbii qaz alışını təxminən 16 % azaldıb
- 31 avqust, 2023
- 13:42
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Yunanıstana 390 milyon 895,46 min kubmetr təbii qaz idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yunanıstana ixrac edilən təbii qazın dəyəri 552 milyon 771,83 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin ilk yarımillik dövrü ilə müqayisədə 72 milyon 501,61 min kubmetr və ya 15,6 %, məbləğ baxımından isə 25 milyon 849 min ABŞ dolları və ya 4,47 % azdır.
Hesabat dövründə, gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 29 milyon 188 min ABŞ dolları dəyərində 10 milyard 956 milyon 188 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 % az, dəyəri isə 8 % çoxdur.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 44,7 % olub.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya, xüsusilə də Yunanıstana tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
TAP-ın səhmdarları Britaniyanın BP, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), İtalyanın "Snam S.p.A.", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləridir və hər birisi 20 % paya malikdir.