Yanvarda Yunanıstan daxili qaz tələbatınının 20 %-ni TAP ilə təmin edib
- 11 mart, 2022
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Yunanıstan daxili tələbatın 47 %-ni Revitus regionundan, 20 %-ni isə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə təmin edib.
“Report”un “Euroactiv” portalına istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
Onun sözlərinə görə, ölkəyə qaz idxalının strukturunda payı uzun müddət ən böyük olan Rusiya qazı ilk dəfə olaraq 33 %-ə düşüb: “Ölkənin qaz sektoru martın 15-dək kəsirlə üzləşməyəcək. Martın 16-dan ayın sonuna kimi qaz çatışmazlığı təxminən yarım teravatt-saat təşkil edəcək”.
K. Mitsotakis əlavə edib ki, Yunanıstana neft idxalının 26 %-i Rusiyanın payına düşür: “Yunanıstan qazının 39 %-i isə Rusiyadan idxal edilir”.
Bolqarıstanın Baş naziri Kiril Petkov da bildirib ki, Bolqarıstan 70 % Rusiyanın “Qazprom” şirkətindən qaz tədarükündən asılıdır. O bildirib ki, qalan 30 % isə Azərbaycanın payına düşür.
Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.