Yanvarda STAR neft emalı zavodu dizel yanacağı istehsalını 13 % azaldıb
- 31 mart, 2022
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 427 min 315 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 65 min 286 ton və ya 13,2 % azdır.
Ümumilikdə isə yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 264 min 536 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 75 min 473 ton və ya 6,35 % çoxdur.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin yanvar ayında 492 min 601 ton dizel yanacağı istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 10 milyon tondan bu il 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.