Yanvarda SOCAR neft ixracını 2,2 dəfə artırıb
- 13 fevral, 2024
- 10:01
Ötən ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft ixracını 166 min ton və ya 2,24 dəfə artıraraq 300 min tona çatdırıb.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Hesabat dövründə ümumilikdə Azərbaycandan xarici ölkələrə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə eyni səviyyədə qalıb. Bunun 1,8 milyon tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən ixrac olunub. Bu göstərici illik müqayisədə 0,2 milyon ton və ya 10 % azalıb.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.