Yanvarda Azərbaycanda neft məhsullarının istehsal həcmləri açıqlanıb

Energetika
  • 14 fevral, 2024
  • 13:12
Yanvarda Azərbaycanda neft məhsullarının istehsal həcmləri açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda 115,8 min ton həcmində avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Bu ilin ilk ayında ölkədə 179,2 min ton dizel yanacağı istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 7,4 % azdır.

Yanvarda neft məhsulları istehsalının ümumi dəyəri 303,6 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır.

Hesabat dövründə 2,4 min ton sürtkü yağları, 12,4 min ton neft bitumu istehsal edilib. İl ərzində sürtkü yağlarının istehsalı 57,9 % azalıb, neft bitumunun istehsalı isə 22,8 % artıb.

Həmçinin, ilin ilk ayında ölkədə 16,4 min ton maye qazlar, 43,7 min ton ağ neft, 19,5 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 26,5 %, neft koksunun istehsalı 13,3 % azalıb, ağ neftin istehsalı isə 4,8 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.