Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini 11 %-dək artırıb
- 30 mart, 2023
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 881,85 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 10,74 % çoxdur.
Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 14,58 %- Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin yanvar ayında Türkiyə Azərbaycandan 796,32 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə yanvarda Türkiyə ümumilikdə 6 milyard 048,23 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 9,79 % azdır.
Yanvarda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin ilk ayında Rusiyadan Türkiyəyə 2 milyard 144,03 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 18,13 % azdır.
Yanvarda üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkə yanvarda Türkiyəyə 733,54 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 39,14 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.