Yanvarda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 13 fevral, 2025
  • 11:38
Yanvarda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin yanvar ayında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 1,1 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin ilk ayı ilə müqayisədə 0,4 milyon kubmetr və ya 3,1 % çoxdur.

Bu ilin yanvar ayında “Şahdəniz” yatağında isə 2 milyard kubmetr qaz hasil edilib ki, bu da 2024-cü ilin yanvar ayı ilə 0,4 milyard kubmetr və ya 16,7 % azdır.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 1,5 milyard kubmetri ixraca nəql edilib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 0,4 milyard kubmetr və ya 21,05 % çoxdur.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin fevralın 1-nə 469,6 milyard kubmetr qaz hasil edilib. AŞG-dən 230,8 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 238,8 milyard kubmetr qaz çıxarılıb. Bundan fevralın 1-nədək 171 milyard kubmetr qaz ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.