Yanvarda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

Energetika
  • 13 fevral, 2025
  • 12:32
Yanvarda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

Bu ilin yanvar ayında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından 1,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 0,1 milyon ton və ya 5,5 % azdır.

Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 1,4 milyon ton neft çıxarılıb ki, bu da illik müqayisədə 0,1 milyon ton və ya 5,6 % azdır.

Bu ilin yanvar ayında “Şahdəniz” yatağından 0,3 milyon ton kondensat çıxarılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ton və ya 40 % azdır.

Bu ilin ilk ayında Azərbaycanda ümumiyyətlə 1,7 milyon ton neft ixrac edilib ki, bu da 2024-cü ilin yanvar ayının göstəricisinə nisbətən eynidir.

Ümumilkdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin fevralın 1-nə 651,9 milyon ton neft (kondensatla birlikdə) “Azəri-Çıraq-Günəşli”dən 602,9 milyon ton neft, “Şahdəniz”dən isə 49 milyon tona yaxın kondensat qaz çıxarılıb. Bundan 650 milyon tona yaxın neft ixrac edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

44 - Tezliklə