Xəzər dəhlizi ilə Qazaxıstan neftinin tədarükü 54 % artıb
- 17 noyabr, 2023
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Xəzər dəhlizi ilə neft tədarükünü 54 % artırıb.
Bu barədə “Report” Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkətinə istinadən məlumat verib.
Bildirilir ki, Azərbaycanın da iştirak etdiyi bu dəhlizlə bu ilin birinci yarısında 2,8 milyon ton Qazaxıstan nefti ötürülüb. Bu il Xəzər dənizi vasitəsilə tədarükün artımı 964 min ton neft təşkil edib.
Noyabrda Qazaxıstan öz yataqlarından ixrac üçün 100 min tona qədər neft tədarük edəcək. “Kaztransoil”un məlumatına görə, ilin birinci yarısında təkcə Almaniya Qazaxıstandan 690 min ton “qara qızıl” alıb.
Bundan başqa, Azərbaycan nefti Rusiyanın “Transneft” şirkətinin boru kəmərləri sistemi ilə də tədarük edilir. Bu illik müraciətə əsasən, Rusiya ərazisindən tranzitlə Avropa istehlakçılarına 1,2 milyon ton neft göndəriləcək. 2023-cü ildə Qazaxıstandan Avropaya gələcək karbohidrogenlərin faktiki həcmləri Avropadakı neft şirkətlərinin satınalma sorğularından asılı olacaq.
Qeyd edək ki, tədarükün şaxələndirilməsinə baxmayaraq, Qazaxıstan neftinin ixracı üçün əsas marşrut hələ də Xəzər Boru Kəməri Konsorsiumu sistemidir.
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.