Vasile Tofan: "Moldova qazı Azərbaycan, Qətər və Türkmənistanda axtaracaq"

Energetika
  • 30 sentyabr, 2026
  • 15:50
Vasile Tofan: Moldova qazı Azərbaycan, Qətər və Türkmənistanda axtaracaq

Moldova qaz alışı haqqında uzunmüddətli müqavilələrin bağlanması imkanlarını axtarmaq niyyətindədir, nəzərdən keçirilən ölkələr arasında Azərbaycan da var.

"Report"un "Moldpres"ə istinadən verdiyi məlumata görə, bunu Moldovanın Baş naziri Vasile Tofan hökumətin iclasında bildirib.

"Biz növbəti qışa hazırlaşa və uzunmüddətli müqavilələr bağlamağa, tədarükün ən azı bir hissəsi üzrə qiyməti müəyyən etməyə çalışa bilərik. Biz bu qazı tapıb Moldovaya gətirmək üçün onun olduğu yerə gedəcəyik - həm Qətərə, həm Azərbaycana, həm də Türkmənistana", - o bildirib.

V.Tofanın sözlərinə görə, hakimiyyət bazar qiymətlərindən aşağı qiymətlərə nail olmağı hədəflədiyi üçün danışıqlar çətin keçəcək.

Baş nazir qeyd edib ki, qaz bazarında vəziyyət mürəkkəb olaraq qalır. Onun sözlərinə görə, cari ildə qazın dəyəri 1 MVt/saat üçün 30 avro səviyyəsində nəzərdə tutulmuşdu, hazırda isə bu məbləğ 1 MVt/saat üçün 84 avronu keçir ki, bu da 1 000 kubmetr üçün 1 000 ABŞ dollarından artıqdır: "Biz qazın hazırkı qiymətinə nəzarət edə bilmirik".

O əlavə edib ki, hökumət həmçinin mövcud büdcə resursları və xarici tərəfdaşların dəstəyi nəzərə alınmaqla, qış dövründə enerji resurslarına görə əhaliyə verilən kompensasiyaların artırılması imkanını nəzərdən keçirir.

44 - Tezliklə