UNFCCC: 2035-ci ilə qədər qlobal tullantıların artımının yarıbayarı azaldılması hədəflənir
- 10 sentyabr, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
2035-ci ilə qədər qlobal tullantıların artımının yarıbayarı azaldılması hədəflənir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.
"Hazırda keçid dövründəyik. Bu, Birinci Qlobal Qiymətləndirmənin nəticələrinin təcrübədə tətbiq edilməli, milli planlara, investisiya qərarlarına çevrilməlidir. Təbii ki, bu keçid və fəaliyyətə çevrilmə prosesi yalnız danışıqlar vasitəsilə baş vermir. Çoxtərəfli proses, Konvensiya və Paris Sazişi bütün tərəflərin bir-birinə etimad mühitində birlikdə hərəkət etməsi üçün çərçivə yaradır. Lakin real fəaliyyət və icra başqa yerlərdə baş verir. Yəni real iqtisadiyyatda - tərəfdaşlıqlar, texnologiya və maliyyə vasitəsilə. Məhz buna görə də Qlobal İqlim Fəaliyyəti Gündəliyi prosesimizdə istinad nöqtəsi kimi böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
UNFCCC rəsmisinin sözlərinə görə, on ildən artıqdır ki, Mərakeş Tərəfdaşlığına əsaslanmaqla hökumətlər şəhərlər, biznes, maliyyə sektoru və vətəndaş cəmiyyəti ilə əlaqələndirilir və danışıqlar nəticəsində əldə olunmuş qərarlar real fəaliyyətə çevrilir: "Mən bizi bura qədər gətirib çıxaran liderliyi də xüsusi qeyd etmək istərdim. Azərbaycanın COP29 Sədrliyi bu gündəlik üçün çox vacib bir addım atdı. Onlar Bakı Resurs Səmərəliliyi və Dairəvi İqtisadiyyat Gündəliyini təqdim edərək, dairəvi iqtisadiyyata əvvəllər mövcud olmadığı iqlim masasında aydın bir yer qazandırdılar. İndi isə COP31-in növbəti sədrliyini öz üzərinə götürən Türkiyə dünyanı ətrafında toplamaq üçün artıq iddialı əsas hədəflərini müəyyənləşdirib: 2035-ci ilə qədər son enerji tələbatında elektrik enerjisinin payını indiki 20 %-dən 35 %-ə qaldırmaq, eyni dövr ərzində qlobal tullantıların artımını yarıbayarı azaltmaq və tikinti sektorunda enerji intensivliyini ən azı dörddə bir qədər aşağı salmaq".