UNECE: SOCAR metan emissiyalarının azaldılması ilə bağlı real addımlar atır

Energetika
  • 09 sentyabr, 2026
  • 15:41
UNECE: SOCAR metan emissiyalarının azaldılması ilə bağlı real addımlar atır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) metan emissiyalarının azaldılması ilə bağlı real addımlar atır.

"Report" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı Katibinin Müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 3-cü günündə bildirib.

"Şirkətinizin əməliyyatlarını geniş miqyasda enerji baxımından daha səmərəli etməklə xalis mənfəətinizə böyük töhfə verə və ətraf mühitə real təsir göstərə bilərsiniz. Şəbəkə kəsintilərinə qarşı dayanıqlılığın təmin edilməsi də enerji qənaətinin bir hissəsidir. UNECE olaraq xüsusilə neft, qaz və kömür hasil edən şirkətlər üçün qalıq yanacaqlardan uzaqlaşma prosesinin vacibliyini qəbul edirik. Lakin onu da anlayırıq ki, qalıq yanacaqlar sabah yox olmayacaq. Bu baxımdan, ən tez əldə oluna biləcək nəticələrdən biri metan emissiyalarının azaldılmasıdır", - o vurğulayıb.

D.Mariyasin qeyd edib ki, SOCAR digər aparıcı neft şirkətləri ilə yanaşı, metan emissiyalarının azaldılması istiqamətində real addımlar atır: "Biz bunu alqışlayırıq. Bu istiqamətdə daha çox fəaliyyət göstərilməsini və bu biznes imkanının daha yaxşı formalaşdırılmasına bizimlə birlikdə kömək etməyinizi xahiş edirik".

44 - Tezliklə